İnsan möcüzəsi

Ağciyərlərimizdəki üstün layihənin detalları

Nəfəs alıb-vermək üçün ağciyərin xarici qüvvəyə ehtiyacı var
İnsan nəfəs alıb-verərkən orqanizmində baş verənlərdən xəbərsizdir. Qaçarkən nəfəs alıb-verməsi, yatarkən bu sürətin aşağı düşməsi onun üçün çox adi bir hərəkətdir. Halbuki orqanizmin nəfəs alıb-verərkən baş verən vəziyyətə görə özünü tənzimləməsi özlüyündə möcüzəvi bir hadisədir.
Ağciyər bir hava nasosu kimi ömür boyu fasiləsiz olaraq orqanizmə hava alır, sonra isə bu havanı kənara vurur. Lakin ağciyərin başqa orqanlar kimi fəaliyyət göstərə bilmək üçün bir enerjiyə, qüvvəyə ehtiyacı var. Bu qüvvə döş qəfəsinin altındakı diafraqma və qabırğa sümüklərinin aralarındakı əzələlər sayəsində təmin edilir. Nəfəs aldığımız zaman qabırğa sümükləri kənara və yuxarıya doğru hərəkət edir. Ağciyərin altında olan diafraqma əzələsi aşağıya doğru yastılaşır. Ağciyər nəfəs borusundakı havanı aşağıya doğru çəkir. Nəfəs verildiyi zaman qabırğa sümükləri içəriyə doğru geri çəkilir. Qabırğanın altında olan difraqma əzələsi yuxarıya doğru hərəkət edir. Ağciyər sıxışdığı zaman kiçik kisəciklərdəki hava içəridən çıxmağa məcbur olur. Həmin hava nəfəs borusundan yuxarıya doğru çıxır.

Orqanizminizdə bütün bu proseslər baş verərkən sizin bunlara heç bir müdaxiləniz olmur. Nə əmr verə, nə də hərəkət etmələri üçün əzələlərinizin işinə qarışa bilirsiniz. Bunların heç birinə gərək də yoxdur. Çünki ağciyərinizə bu enerji dəstəyinin necə veriləcəyi üstün bir ağıl tərəfindən tənzimlənib. Uca Allah hər şeyə qadirdir və Onun yaratmaqda heç bir şəriki yoxdur.

Döş qəfəsinin elastikliyi nəfəs alıb-verməyi asanlaşdırır
Döş qəfəsinizin tənəffüs sistemində mühüm bir funksiyası var. Bu qəfəsin ən bariz xüsusiyyəti daxili orqanlarınızı, əsasən də ürək və ağciyərləri qorumaqdır. Lakin döş qəfəsinin elastik xüsusiyyətə malik olması da nəfəs alıb-verməyi asanlaşdıran mühüm xüsusiyyətdir.
Nəfəs aldığınız zaman döş qəfəsiniz genişlənir. Sümükdən hazırlanmış bu zireh heyrətamiz elastiklik qabiliyyətinə malikdir. Adi şəraitdə kəllə sümüyü kimi olduqca sərt və qoruyucu qalxana bənzəyən bu layihə son dərəcə elastikdir. Lakin unutmaq olmaz ki, bu elastikliyin özü də çox həssas bir nizamdadır. Əgər döş qəfəsinin elastikliyi hazırda olandan az olsaydı, o zaman ciyərlər genişlənə və insan da rahat nəfəs ala bilməzdi. Lakin Uca Allah bu elastikliyi o qədər uyğun şəkildə yaradıb ki, tam ölçüsündə olan elastiklik insan üçün böyük bir nemətə çevrilib.

Ağciyərlərdəki amortizator sistemi
Xarici təsirlərə qarşı döş qəfəsinin varlığı, kənardan gələ biləcək tozlara qarşı nəfəs borusunda olan tükcüklər, havanın istiliyini tənzimləyən və mikroblarla mübarizə aparan burun mukozası, səthi gərilmənin aradan qalxması üçün surfaktant maddəsinin hazırlanması və bir çox başqa incəliklər... Ağciyərlərin təhlükəsizliyi üçün yaradılmış sistemlər yalnız bunlardan ibarət deyil. Ağciyər səthinin başqa orqanlarla sürtünməsinin qarşısını almaq üçün fərqli bir müdafiə mexanizmi də var.

Xarici səthi plevra təbəqəsi ilə örtülən ağciyər nəfəs alıb-verərkən hətta ən kiçik bir zərər də görmür. Hər bir ağciyəri torba kimi əhatə edən plevra yenə də döş qəfəsi divarını və diafraqmanın daxili səthini örtən başqa bir təbəqə ilə təmasdadır və onların arası sürüşkən bir maye ilə doludur. Beləliklə, nəfəs alıb-verərkən ağciyərin xarici səthi başqa orqanlarla heç bir şəkildə təmas edib sürtünməyə görə zərər çəkmir.
Bundan başqa, ağciyəri əhatə edən təbəqə ilə döş qəfəsinin divarını saran təbəqə arasındakı neqativ təzyiq ağciyərin döş qəfəsinə vakuumla yapışmasına səbəb olur. Bunun sayəsində ağciyər sanki havadan asılı qalır və öz ağırlığı altında əzilmir. Ağciyərdəki vakuumlu şərait hər hansı bir sə-bəblə, məsələn, yol qəzasında, döş qəfəsinin divarına batan sivri bir cisimlə zədələndiyi zaman ağciyərlər bir balon kimi boşalır və insan ölür. Bu sistem də ağciyərlərdəki möhtəşəm layihənin başqa bir göstəricisidir.