İnsan möcüzəsi

Canlı boru xətti

Burada yenidən üzərində dayanmalı olduğumuz mühüm bir məqam var. Bura qədər haqqında "təmizləmə borusu" və ya "boru xətti" kimi bəhs etdiyimiz 31 mm uzunluğundakı borucuq canlıdır. Daha doğrusu, milyonlarla canlı hüceyrənin birləşməsi ilə əmələ gəlmiş bir boru yığınıdır. Bu boru xəttini təşkil edən hüceyrələr insan orqanizmi üçün həyati əhəmiyyətli bir funksiyanı ağlasığmaz bir əzm, şüur və məsuliyyətlə yerinə yetirirlər.

Hüceyrələr insanın yaşaması üçün lazım olan maddələri sidiyin tərkibindən seçib ayırır və tuturlar. Daha sonra isə olduqca böyük bir enerji sərf edərək bu maddələri boru xəttini əhatə edən kapilyarlara keçirirlər. Beləliklə, qlükoza, amin turşuları və proteinlər kimi həyati əhəmiyyətli maddələr qan dövranına geri qaytarılmış olur. Bu daşıma prosesinin baş verməsi üçün hüceyrələrə yardım edən daşıyıcı molekulların da həmin şəraitdə hazır olması lazım gəlir. Bir sözlə, burada hər şey qüsursuz şəkildə planlaşdırılıb və tənzimlənib.

Məhz bu məqamda bir az düşünməliyik. Hüceyrələr yerinə yetirdikləri bu işin müqabilində heç bir fayda əldə etmirlər. Lakin hüceyrələr lazımi molekulları bir kimyaçı kimi müəyyən edib bu molekulları nəqliyyat şirkətinin işçiləri kimi gecə-gündüz qan damarlarına daşıyırlar. Bir hüceyrənin maddələr arasından seçim edə bilməsi üçün onun bu maddələri tanıyacaq bilgiyə və onları toplamaq qabiliyyətinə, bunları ayırd edə biləcək ağıla və şüura malik olması lazım gəlir.

Lakin təkcə bir hüceyrənin ağıla malik olması da kifayət deyil. Əsas şərt böyrəklərdəki milyonlarla hüceyrənin bir boru əmələ gətirəcək şəkildə toplanması, bütün bu hüceyrələrin eyni şüura malik olaraq böyük bir ahəngdarlıqla fəaliyyət göstərməsidir. Əlbəttə, böyrəklərin fəaliyyət göstərməsi üçün yalnız bir borunun əmələ gəlməsi də kifayət deyil. Bu borunun yanında həmçinin başqa bir hüceyrə kütləsi də eyni fəaliyyəti göstərməli və başqa bir boru xətti qurmalıdır. Buna görə də buna analoji iradəni göstərən milyardlarla hüceyrənin ayrı-ayrılıqda birləşməsi ilə üst-üstə 1 milyon bir-birindən ayrı boru xətti əmələ gəlməlidir. Eyni zamanda yenə milyardlarla hüceyrə üst-üstə 1 milyon süzgəc əmələ gətirəcək formada birləşməli və bu boru xəttinin girişlərində yerləşməlidir.

Unutmaq olmaz ki, heç bir hüceyrə şüura malik deyil. Əgər bir hüceyrə yığını birləşib ağıl, məsuliyyət, şüur və harmoniya tələb edən bir iş görürsə, bu, Allahın sonsuz ağlının, misilsiz yaradan olmasının orqanizmimizin bir küncündəki kiçik bir boru üzərindəki göstəricisidir. Belə bir qüsursuz nizam təsadüflərlə deyil, yalnız üstün bir qüdrət sahibi olan Uca Allahın "Ol!" deməsi ilə yarana bilər:

"Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "OL!" -deyər, o da olar"
("Bəqərə" surəsi, 117).