İnsan möcüzəsi

Qan damarları

İnsan orqanizminin hər bir nöqtəsi irili-xırdalı olmaqla milyardlarla boru ilə örtülüb. Damar adlanan bu boru yığınını düz səthə yaymalı olsaq, yalnız bir insanda bunların uzunluğunun təxminən 100 min kilometr (96.500 km) olduğunu görə bilərik - 24. Damar sistemi elə bir ideal təsisatdır ki, orqanizmin ehtiyac duyulan hər bir nöqtəsinə zəruri bağlantılar yerləşdirilib. Borular heç bir yerdə düyünlənə bilməz, lüzumsuz yerlərə gedə bilməz, boş nöqtələrə malik deyillər, bütün orqanizmi gəzir və yenidən həmin nöqtəyə qayıdırlar.
Hər hansı bir binada boru şəbəkəsi təsisatı yaratmaq üçün müəyyən bir plana ehtiyac var. İnsan orqanizmindəki boru təsisatının planı isə insan əməyi olan heç bir planla müqayisə edilməyəcək qədər mükəmməl və idealdır.

Bundan əlavə, insan orqanizminə təxminən 100 km damar döşəndiyi halda orta böyüklükdə olan bir binaya yalnız bir neçə kilometr uzunluğunda boru döşənir. Xüsusi xəlitələrdən hazırlanmış bu borular bir neçə onillik ərzində müxtəlif problemlər yaradır. Bağlantı yerlərində sızmalar baş verir, borular bəzən çürüyür, bəzən divarlarda boruların çürüməsi və su verməsi ucbatından rütubət müşahidə edilir. Bütün bu problemlər hətta binanın sabit bir tikili olduğu və yerindən oynamadığı hallarda da baş verir.

Hər bir sağlam insan orqanizmində olan damar sistemi isə bütün ömür boyu öz funksiyasını yerinə yetirir. Nə qayğıya ehtiyac duyur, nə də hər hansı bir hissəsinin dəyişdirilməsinə. Həmçinin insan orqanizmi bina kimi hərəkətsiz deyil. İnsan hərəkət edir, yeriyir, qaçır, oturur, qalxır və damarlar da bu dartılma nəticəsində daim elastik hərəkətlər edir. Lakin damarlar o qədər ideal quruluşa malikdirlər ki, əgər insan öz səhhəti üçün zərərli olan hər hansı bir hərəkət etməsə, onlar heç bir problem yaratmazlar.

İnsan orqanizmindəki misilsiz quruluş
Heç bir damarın olmadığı bir insan orqanizminin mövcudluğunu fərz edək. Və hər hansı bir mühəndisdən bu orqanizmin içinə döşənəcək damarlarla bağlı bir plan hazırlamasını xahiş edək. Bu planda qaraciyərin ən kiçik nöqtələrindən sümük toxumalarının içinə, göz qapaqlarından böyrəklərə qədər hər bir hüceyrə üçün zəruri olan bağlantılar qurulmalıdır. Bundan əlavə, hər bir orqanın funksi-yasına uyğun olaraq damarların qalınlığı və xüsusiyyətləri də müəyyən edilməlidir. Məlumdur ki, bu, bir insanın təkbaşına yerinə yetirə bilməyəcəyi işdir. Hətta dünyada yaşayan bütün insanlar toplansa belə bu nəticə yenə dəyişməyəcək. Bütün bu insanların nə ömrü, nə də ağlı sonsuz kombinasiyalara və mürəkkəbliyə malik olan qan dövranı şəbəkəsinin planını hazırlamağa yetməz. Əlbəttə ki, milyardlarla insanın birləşərək hazırlaya bilməyəcəyi ideal bir planın kortəbii təsadüflərlə ortaya çıxdığını id-dia etmək qeyri-mümkündür. Hətta bircə mərhələsində də təsadüflə əsla əlaqəsi olmayan bu sistem insanın Allah tərəfindən yaradıldığını açıq şəkildə sübut edir.

Səfər başlayır...
Ürək-damar sisteminin əsas məqsədi orqanizmdəki hüceyrələrə fəaliyyətləri üçün zəruri olan maddələri çatdırmaq və artıq maddələri hüceyrələrdən uzaqlaşdırmaqdır. Yetkin bir insanın ürəyi gündə 9 min litr qanı 100 min kilometrə yaxın uzunluqda olan damar şəbəkəsini qət edəcək şəkildə vurur.
İndi bir hüceyrə boyda olduğumuzu təsəvvür edək və qan hüceyrələri ilə birlikdə qan dövranı sistemində bir səfərə çıxaq.
Başlanğıc nöqtəniz ürəyin sol üst nasosu, yəni sol qulaqcıqdır. İçində yerləşdiyimiz hissə oksigenlə zəngin olan təmiz qanla doludur. Ətrafınızda oksigen daşıyan milyonlarla eritrosit var. Sizdən alt tərəfdə ürəyin sağ mədəcəyinə açılan bağlı bir qapaq var. Qapaq yalnız aşağıya doğru açıla bilən birtərəfli bir qapaqdır.

Qulaqcığın qəfil yığılması ilə qapaqcıq aşağıya doğru açılır. İçində yerləşdiyiniz qan mayesi ürəyin alt tərəfindəki hissəyə dolur. Artıq çox güclü bir nasos olan sol mədəcikdəsiniz. Üzərinizdə olan qapaq gəldiyiniz istiqamətə geri qayıtmağınıza mane olmaq üçün bağlanır.
Sol mədəcik qanı orqanizmin ən kiçik nöqtələrinə göndərəcək qədər güclü olan bir nasosdur. Bu nasosun çıxış nöqtəsində də aorta arteriyalarına açılan birtərəfli başqa bir qapaq da var. Bu qapağın funksiyası da buradan vurulan qanın ürəyə geri qayıtmasının qarşısını almaqdır.
Həmçinin sol mədəcik də şiddətlə yığılır və bu qapaq kənara doğru açılır. İçində yerləşdiyimiz qan böyük sürətlə orqanizmdəki ən böyük arteriya olan aortaya doğru vurulur.

Aorta damarının divarına yaxınlaşdıqca çox maraqlı bir quruluşla qarşılaşırsınız. Damarın daxili hissəsi sanki cilalanıb. Bu cilalı və yağlı səth sürtünməni azaldır və qanın asanlıqla axmasına imkan verir.
Bu yerdə səfərimizə qısa bir fasilə verərək aorta və arteriyaları yaxından nəzərdən keçirək.

Ən güclü damar
Ürəkdən toxumalara qan aparan damarlara arteriyalar, toxumalardan ürəyə qan aparan damarlara isə venalar deyilir. Arteriyalar əsasən orqanizmin toxumalarına yerləşmiş şəkildə dərində olurlar. Lakin onlar bəzi yerlərdə, məsələn, əlin biləyində, gicgahlarda, boyunda və topuğun bayır tərəfində səthə yaxındır. Bu hissələrdə hər bir ürək döyüntüsündə qanın arteriyaların divarına vuraraq təzyiqlə keçməsi hiss edilə bilər.
Damarın daxili səthi düzgün bir zəmin əmələ gətirmək üçün bir-birinə yapışdırılmış müxtəlif şəkilli səki daşlarını xatırladır. Lakin burada istifadə edilən material daş yox, hüceyrələrdir.

Bu məqamda bir az diqqətimizi toplayaq. Hüceyrələr canlı varlıqlardır. Bir qrup canlı hüceyrə səki daşlarının diqqətlə döşənməsi kimi yan-yana yerləşdirilib və ortaya hamar bir səth çıxıb. Bu səth 360 dərəcə fırlanaraq bir boru yaradıb. Buna bənzər milyonlarla boru bir-biri ilə bir nizam içində birləşərək damar sistemini əmələ gətirir.

Bəs bu, necə baş verib?
İlk öncə hüceyrələrin səki daşları kimi yastı və bir-biri ilə birləşə biləcək formalara malik olması lazım gəlir. Milyardlarla hüceyrəni belə xüsusi formada yaradan qüvvə nədir?
Daha sonra isə - biz hələ ana bətnində olarkən - bu hüceyrələr səki daşları kimi yan-yana düzülməlidir. Milyardlarla hüceyrəni hamar və düzgün bir formada düzən kimdir?
Hörülən divarda hətta bir hüceyrə əskik olsa, buradan kənara qan sızacaq. Bu divarı qüsursuz şəkildə hörən kimdir?
Əlbəttə ki, bu sualların cavablarını təsadüflərlə izah etmək olmaz.

Bundan əlavə o da unudulmamalıdır ki, bəhs edilən bir fabrikin tökmə qəlibindən çıxan metal boru deyil. Haqqında danışılan şey canlı hüceyrələrin birləşməsi nəticəsində əmələ gələn canlı bir "boru"dur. Nə üçün bu kiçik canlılar ömürlərini bir borunun hissəsi olmağa sərf edirlər? Onlara bu quruluşu, bu funksiyanı verən kimdir?
Bu sualın cavabı da təsadüf ola bilməz. Lakin təkamülçülər heç bir zaman belə xırdalıqları düşünməz, daha doğrusu, bu həqiqətləri görməyərək onların üzərində düşünmək də istəməzlər. Təkamülçülər damar toxumalarından bəhs edən və içində latınca terminlər olan söhbətlər edə, kitablar yaza bilərlər. Lakin bu hüceyrələrin bir nizamda necə birləşməsi barədə suallara heç vaxt cavab verə bilməzlər. Çünki onların verə biləcəyi yeganə cavab "təsadüf"dür.

Bu qədər zəif və keçərsiz bir cavabın insanı necə aşağılayacağını, insanın necə zəif olmasını göstərəcəyini bildikləri üçün bu məsələni "bir təkamül nəticəsində bu hüceyrələr birləşdilər və damarları əmələ gətirdilər" kimi heç bir məntiqə sığmayan ifadələrlə izah edirlər.
Əgər belə bir izahatı verən təkamülçü cəmiyyət tərəfindən alim kimi tanınırsa, elmi ədəbiyyata yad olan insanlarda da belə bir düşüncə yarana bilər. Bu izahatı bir alim verirsə, bunun arxasında mütləq bəzi elmi həqiqətlərin olduğunu, lakin sözügedən alimin insanların dərk edə bilməyəcəyi üçün mövzunun üzərindən keçdiyini güman edərlər.
Qısası, heç bir təkamülçü alim insan orqanizmindəki damar şəbəkəsinin necə yarandığını izah edə bilməz. Bunu çox asan şəkildə yoxlaya bilərsiniz. Hər hansı bir təkamülçüyə damar sisteminin və ya damarın quruluşunun mükəmməlliyini və ideallığını, hüceyrələrin bir nizamda necə düzüldüklərini izah edin. Bundan sonra bu quruluşun ilk dəfə necə yaranması haqda sual verin. Onların bu suala yalnız "təsadüflər nəticəsində" deyə cavab verəcəklər.

Halbuki bu sualın yalnız bir cavabı var: damarları, damarların içində olan qanı, bu qanı vuran ürəyi və insan orqanizmindəki milyonlarla başqa sistemi yaradan qüvvə aləmlərin Rəbbi olan Uca Allahdır.

Damarlardakı elastiklik
Arteriyaların quruluşundakı xüsusi yaradılışa yalnız hüceyrələrin qüsursuz düzülüşündə rast gəlinmir. Bu hüceyrələrin əmələ gətirdiyi təbəqədən kənarda əzələ quruluşlu başqa bir təbəqə də var. Burada olan əzələ hüceyrələri olduqca elastikdir. Bu isə çox ağıllı bir nizam və plan nümunəsidir. Elastik liflər ürək döyüntüləri zamanı yaranan qan təzyiqinə qarşı damarların möhkəmliyini artırır, bundan əlavə, damarlara verdiyi elastikliklə qanın damarlarda irəliləməsinə imkan verirlər.
Əgər qan ürəkdən yüksək təzyiqlə elastik olmayan bir damar sisteminə vurulsaydı, həm ürəyə böyük bir yük düşəcək, həm də arteriyaların içində olan qan təzyiqi çox yüksək olacaqdı. Bütün bu incəliklər Allahın qüsursuz yaratmasının başqa bir nümunəsidir.

Səfər davam edir


Arterial damarların quruluşu nəzərdən keçirildikdən sonra yenidən səfərimizə qayıdaq. Aorta arteriyalarını izləyən damarlar iki müxtəlif istiqamətə doğru yönəlir. Yuxarıya doğru gedən qan beyin və qolların, aşağıya gedən qan isə orqanizmin yerdə qalan hissəsinin ehtiyacını ödəyir. Səfərimizə orqanizmin aşağı tərəfləri istiqamətində davam etdiyimizi təsəvvür edək.
Bu yol üzərində qaraciyərə, mədəyə, nazik bağırsağa, böyrəklərə və ayaqlara gedən bir çox dolanbaclar var. Yolla irəlilədikcə içində olduğunuz damarın şaxələndiyini və getdikcə daraldığını görə bilərsiniz. Bu saysız-hesabsız şaxələr orqanizmin ən incə yerlərinə qan daşıyan kiçik kapilyarlardır. Bunlardan birinin içinə daxil olub irəliləyəndə içində yerləşdiyiniz damarın daraldığını görərsiniz. Artıq arteriyaların deyil, kapilyarların içindəsiniz (kapilyarların diametri 0,006 mm-dir).

Bir müddət sonra damar o qədər daralır ki, buradan yalnız bir eritrosit hüceyrəsinin çətinliklə keçə biləcəyi qədər kiçik olur. Səfərin bu yerində ətrafınızdakı hüceyrələrdə sürətli bir mübadilənin olduğunu hiss edə bilərsiniz. Eritrosit hüceyrələri uzun səfərləri boyu daşıdıqları çox mühüm yüklərini təhvil verməyə başlayırlar. Daşıdıqları oksigen molekulunu oksigenə ehtiyacı olan hüceyrələrə verir və hüceyrələrin hasil etdiyi karbondioksidi alırlar. Qanın daşıdığı qida molekulları da bu yerdə eyni qayda ilə ehtiyacı olan hüceyrələr tərəfindən alınır. Bu, hüceyrə üçün həyati əhəmiyyətli bir mübadilədir. Artıq geri dönmə zamanı çatıb.

Oksigenini itirən eritrositlərin rəngi açıq qırmızıdan tünd qırmızıya çevrilir. Yolda irəlilədikcə damarlar yenidən genişlənməyə başlayır. Başqa kapilyarlardan gələn karbondioksid yüklü eritrositlər də səfərə qoşulur və qanın həcmi artır. Artıq kapilyarlardan ayrılır və yolunuza venalarda davam edirsiniz.