İnsan möcüzəsi

Mühüm təhlükəsizlik tədbiri: ürəkdəki ehtiyat generatoru

Əsas generatordan çıxan elektrik dalğalarını qısa bir müddət ərzində dayandıran avtomatizm sisteminin başqa mühüm funksiyası da var. Əsas generatorda bir qüsur olanda bu sistem onun yerinə keçir və ehtiyat generator funksiyasını daşıyır. Ehtiyat generator əsas güc mənbəyi qədər güclü siqnallar buraxmasa da (dəqiqədə 40-50 siqnal verir), onun buraxdığı siqnallar ürəyin öz fəaliyyətini da-vam etdirməsini təmin etmək üçün kifayət edir. Əsas generator hər hansı bir səbəbdən zədələndiyi zaman ehtiyat avtomatizm sistemi insan həyatı üçün olduqca mühüm olan yeni funksiya daşıyır. Hər hansı bir səbəbdən əsas generatorun fəaliyyət göstərmədiyi hallarda 20 ilə qədər yaşayan insanlara rast gəlinir.

Bunları oxuyan insan bura qədər bəhs edilənləri dərk etmək üçün müəyyən bir şüur və anlayışa malik olmalıdır. Belə ki, bu yazını oxuyan insanlar bu anlayışa sahibdir. Lakin diqqət yetirilsə, ürəyi təşkil edən hissələrin öz funksiyalarını yerinə yetirə bilmələri üçün də şüur nümayiş etdirmələri la-zım gəlir. Məsələn, ehtiyat generator funksiyası daşıyan hissənin dövriyyəyə girməsi üçün onun insan orqanizmində baş verənləri dərk etməsi, təcili vəziyyətləri dərhal bilərək zəruri sistemləri dövriyyəyə daxil etməsi lazım gəlir.

Bəs bizim dərk etməyimiz üçün şüur tələb edən bu prosesləri ürəyin müxtəlif yerlərində yerləşən bu hissələr necə yerinə yetirir? Ürəkdəki sinir düyünlərinin şüur sahibi olduğunu düşünmək olarmı? Bu düyünlərin müəyyən saniyələri hesablaya bildiklərini, bu hesablamaları fasiləsiz və qüsursuz şəkildə yerinə yetirdiklərini iddia etmək olarmı? Ürəkdəki quruluşların ürəyin fəaliyyət göstərməsi üçün zəruri olan mürəkkəb prosesləri öz istəkləri ilə yerinə yetirə bilməyəcəyi əlbəttə ki, aydın məsələdir. Çünki bu düyünlər yalnız bir hüceyrə yığınıdır və bu toplunun özünə uyğun bir qərar vermək mexanizminin, iradəsinin və hesablama qabiliyyətinin olduğunu düşünmək olmaz.

Hətta hüceyrənin elektrik hasil edə bilməsi də özözlüyündə böyük bir möcüzədir. Çünki həmin hasilat minlərlə kimyəvi proses nəticəsində baş verir. Bu məqamda düşünməyimiz lazım olan mühüm suallar var.
Bir hüceyrə elektrik hasil etmək kimi bir funksiyanı nə üçün yerinə yetirmək istəyir? Onu buna məcbur edən qüvvə nədir? Ürəyin yığılması üçün elektrik siqnalına ehtiyacının olduğunu, yığılmağa səbəb olan hüceyrələrin elektrik olmadan işləməyəcəklərini bu hüceyrə haradan bilir?
Hətta hüceyrənin elektrik hasil etməsi də təkbaşına kifayət etmir. Xüsusilə elektrik hasil edən başqa hüceyrələrə də ehtiyac var. Bu hüceyrələr düzgün ardıcıllıqla toplaşmalıdır. Onların yalnız toplaşmaları da kifayət deyil. Bu hüceyrələr bir-biri ilə sözləşiblərmiş kimi birlikdə elektrik hasil etməlidir. Bundan əlavə, bu hasilat müəyyən bir ritmdə olmalıdır. Hər bir hüceyrənin əlində bir xronometr olmalı, bu hüceyrələr heç bir səhvə yol vermədən hər 0,83 saniyədə bir hərəkət etməlidirlər. Həmçinin hüceyrələr bunu bütün bir ömür boyunca yorulmadan yerinə yetirməlidir. Bundan əlavə, onlar ürəyi fəaliyyətə gətirəcək elektrik cərəyanının miqdarını tam bilməli, az və ya çox deyil, tam ehtiyac duyulan ölçüdə elektrik cərəyanı hasil etməlidirlər.

Elektrik cərəyanı gələndə ürəkdə yorulmadan fəaliyyət göstərən əzələ hüceyrələri də işləyə biləcək quruluşa malik olmalıdır. Onlara gələn bir siqnala da laqeyd olmamalı, dəqiqədə 72 dəfə göndərilən siqnalın hər birinə cavab verməlidirlər.
Hətta bu möcüzəvi sistemin fəaliyyət göstərməsini dərk etmək üçün də müəyyən bir anlayış lazım olduğu halda bu sistemin kor-koranə şəkildə və təsadüfən əmələ gəldiyini iddia etmək əlbəttə ki, məsələyə ağıldan və elmdən kənar bir yanaşma olardı. Belə bir qüsursuz sistem şüursuz təsadüflərlə yarana bilməz. İnsanın daxilində belə bir elektronik dövriyyənin qurulması onun Allah tərəfindən yaradılmasının başqa bir aşkar dəlilidir:

"Sizi Biz yaratdıq. Məgər təsdiq etməzmisiniz? Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik" ("Vaqiə" surəsi, 57-60).