İnsan möcüzəsi

Möhtəşəm layihə: əl

Çayınızı qarışdırdığınız, yazı yazdığınız və ya səhifəni çevirdiyiniz zaman inanılmaz dərəcədə yüksək bir mühəndislik layihəsindən istifadə edirsiniz. İdeal quruluşa malik olan əlləriniz Allahın Böyük Yaradıcı olmasının aşkar dəlillərindəndir.

Əgər öz əlinizin quruluşunu diqqətlə nəzərdən keçirsəniz, su içməkdən yazı yazmağa, qapı açmaqdan saçınızı daramağa qədər saysız funksiyaları yerinə yetirən bu mexanizmin malik olduğu yaradılış möcüzəsini başlıca cəhətləri ilə birgə görə bilərsiniz. Özünün 27 sümüyü və bunlara istiqamət verən mükəmməl bir əzələ və sinir sistemi ilə birgə insan əlinin canlılar dünyasında heç bir misli yoxdur.
Əl irili-xırdalı bir çox əzələ və vətər sayəsində ideal hərəkət qabiliyyətinə malikdir. Bu əzələlər eyni zamanda son dərəcə möhkəmdir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, normal bir insan bütün həyatı boyunca əlini ən azı 25 milyon dəfə açıb-bağlayır. Bu isə hər hansı bir cihazın, qurğunun, alətin müəyyən edə bilməyəcəyi bir rekorddur. İnsan əlinin malik olduğu xüsusiyyətlər Amerika Tibb Birliyinin nəşr etdiyi aylıq jurnalda belə izah edilir:

"Əgər ən zəkalı alimlər beyinlərini birləşdirsələr, yenə də qavrama və həssas yönləndirmə baxımından insan əlindən daha ideal və daha güclü bir vasitə yarada bilməzlər. Ələ mühəndislik baxımından nəzər yetirildiyi zaman sümük, əzələ, vətər, yağ və olduqca həssas liflərdən təşkil olunmuş, minlərlə işi düzgün yerinə yetirən inkişaf etmiş bir kompleks mexaniki vasitə ilə qarşılaşarıq".