İnsan möcüzəsi

Orqanizmdəki güc turbinləri: Əzələ sistemi

Bir avtomobili yalnız bir mühərrik hərəkətə gətirir. Təyyarələri isə 1, 2 və ya 4 mühərrik havaya qaldırır. Bəs bu kitabı əlinizdə tutmağınızı və ya bir addım atmağınızı neçə mühərrik təmin edir?
"Milyardlarla kiçik mühərrik".
Milyardlarla kiçik mikroskopik mühərrik (hal-hazırda nə edirsiniz edin) sizin bu hərəkəti yerinə yetirməyiniz üçün lazım olan qüvvəni ortaya çıxarır. Haqqında danışılan mühərriklər "əzələ lifləriniz"dir.
Orqanizminizdə 6 milyarddan artıq mühərrik var. Həmin kiçik mühərriklər sizə su içirir, avtomobil sürdürür, yeridir, danışdırır, ürəyinizi döyündürür, gözünüzü qırpdırır, nəfəs aldırır, yemək yedirir, boynunuzu çevirməyinizi təmin edir... Hətta bu sətirləri oxuduğunuz zaman gözünüzün həmin sətirlərin üzərində gəzə bilməsi üçün soldan sağa hərəkət etməsi də bu kiçik mühərriklərin verdiyi güc sayəsində gerçəkləşir.

Əzələlərdəki mühərriklərin ölçüsü istifadə edildikləri yerə görə dəyişir. Bəzi mühərriklərin ölçüsü santimetrin yüzdə biri qədər olduğu halda digər mühərriklərin ölçüsü 3 sm-ə çatır.
Kiçik mühərriklər, yəni əzələ lifləri birləşərək böyük güc turbinləri olan əzələləri əmələ gətirirlər. Məsələn, qolunuzu bükməyinizi təmin edən ön qol əzələsi milyonlarla kiçik mühərrikin birləşməsindən yaranır.
İnsan orqanizmində irili-xırdalı 400-dən çox güc turbini var. Məsələn, gözə düşən işığın miqdarını tənzimləyən bəzi əzələlər kiçikdir. İnsanın ağırlığını daşıyan ayaq əzələləri kimi bəzi əzələlər də böyükdür. Lakin böyük və ya kiçik olan hər bir əzələnin fəaliyyət prinsipi eynidir: milyardlarla kiçik mühərrik bir yerdə işləyərək əzələlərin hərəkət etməsini təmin edir. Məsələn, əlinizə qələm alıb yazdıqlarınızı gözlərinizlə izlədiyiniz zaman həmin mühərriklərin əmələ gətirdiyi 100-dən artıq əzələ fəaliyyətə başlayır.

Orqanizmimizdəki bütün əzələlərin fəaliyyət sistemi olduqca həssas hədlərdə müəyyən edilib. Bundan əlavə, hərəkət edə bilməyimiz üçün əzələlərimiz müəyyən bir ahənglə fəaliyyət göstərməlidir. Əzələlərin ən mühüm xüsusiyyətlərindən biri də onların həyatımızın davam etməsini təmin edən bir nəzarət sisteminə bağlı olmasıdır.