İnsan möcüzəsi

Qüsursuz layihə

Ürəyin fəaliyyətini daha yaxşı dərk edə bilmək üçün onu insanın hazırladığı nasoslarla müqayisə edək.
İlk öncə bunu qeyd etmək lazımdır ki, ürək bir mayeni başqa tərəfə çatdıran sadə bir nasos deyil. Ürək eyni anda iki müxtəlif mayeni iki müxtəlif istiqamətə vuran xüsusi bir quruluşa malikdir. Onun normal nasoslar kimi yeknəsəq fəaliyyət tempi də yoxdur. Dəyişən şəraitə görə hansı sürətlə fəaliyyət göstərməyin lazım olduğunu özü tənzimləyir. Bu xüsusiyyətləri düşünüldüyü zaman ürəyi içində inkişaf etmiş bir kompüter olan xüsusi quruluşlu nasosa bənzədə bilərik.

Bir nasos iki hissədən - qüvvə verən mühərrikdən və mühərrikin işlətdiyi mexaniki hissədən ibarətdir. Halbuki ürək daxildən mühərrikli quruluşa malikdir. Mühərrik də, nasos da elə ürəyin özüdür.

İnsanın hazırladığı nasosların ömrü ən çoxu 10-15 ildir. Bu müddət içində nasos daimi deyil, günün müəyyən vaxtlarında işləyir. Fasiləsiz işləyən nasosların ömrü isə daha qısadır. Hər iki halda nasos bəzən sıradan çıxır, qayğıya ehtiyac duyur və ya bəzi hissələrini dəyişdirmək lazım gəlir. Bunun əksinə olaraq ürək gündə 24 saat, özü də üst-üstə 70-80 il, bəzən isə daha artıq müddət ərzində fasiləsiz fəaliyyət göstərir. Sağlam ürək bu müddət ərzində heç bir qayğıya ehtiyac duymur. Ürəyin insanın hazırladığı nasoslarda olduğu kimi təmirə və ya ehtiyat hissələrin dəyişdirilməsinə də ehtiyacı olmur.

İnsan hələ ana bətnində kiçik bir rüşeym ikən onun ürəyi döyünməyə başlayır və bütün həyatı boyunca da fəaliyyətini davam etdirir. Həyatınızın hər bir anında bu nasos sizin biliyiniz, iradəniz və nəzarətiniz olmadan sizin üçün qan vurur. Siz hələ bir neçə aylıq körpə ikən və ya orta məktəb illərində bir gecə yatarkən bu nasos işləyirdi. Hal-hazırda siz bu yazını oxuyarkən də bu nasos fasiləsiz olaraq öz fəaliyyətini davam etdirir.
Ürəyin ümumi quruluşu daha yaxından tədqiq edildiyi zaman onun nə qədər xüsusi bir quru-luşa malik olduğu dərhal ortaya çıxacaq.

Ürəkdə olan orijinal nasoslar
Ürək əslində iki müxtəlif nasosdan ibarət olan birləşmiş bir nasosdur. Bunlardan sol tərəfdə yerləşən nasos təmiz qanı orqanizmdəki orqan və toxumalara, sağ tərəfdəki nasos isə çirklənmiş qanı ağciyərlərə tərəf vurur.
Bu nasosların özləri də altlı-üstlü olmaqla iki ayrı nasosdan ibarətdir. Kiçik nasos qulaqcıq, böyük nasos isə mədəcik adlanır. Məsələn, təmiz qan ürəyin sol tərəfinə çatdığı zaman əvvəlcə üst tərəfdə yerləşən kiçik nasosa dolur. Sonra qan buradan alt tərəfdə olan böyük nasosa vurulur. Böyük nasos da qanı bədən orqanlarına vurur. Həmin proses ürəyin sağ tərəfində olan nasoslarda da baş verir.