İnsan möcüzəsi

ORQANİZMDƏKİ ÜYÜTMƏ MEXANİZMİ: HƏZM SİSTEMİ

Orqanizmimizin həyat fəaliyyətinin davam etməsi, yəni orqanlarımızın fəaliyyət göstərməsi və hüceyrələrimizin yeniləşməsi üçün zəruri olan əsas maddələri müxtəlif qida maddələrindən əldə edirik. Lakin yediyimiz hər bir qidanın, məsələn, ət, çörək, tərəvəz və ya meyvənin bu əsas maddələrə ayrılması və orqanizm tərəfindən istifadə edilə biləcək vəziyyətə gəlməsi üçün onların çox əsaslı dəyişikliklərdən keçməsi, yəni həzm edilməsi lazım gəlir.

Yeni doğulmuş 2-3 kiloqramlıq körpənin 20-25 ildən sonra 1 metr 80 sm boyunda, 75-80 kq ağırlığında bir insan olması qidaların həzm edilməsi ilə bağlıdır. Aradakı bu böyük çəki fərqinin mənbəyi körpənin qəbul etdiyi qidaların tərkibində olan maddələrin bir müddət sonra orqanizmə qatılmasıdır. Bu qidaların bir hissəsi həyat üçün zəruri olan enerjini təmin edir, digər hissəsi isə orqanizmə əlavə olunur və insanın ətinə, sümüyünə çevrilir. İşə yaramayan lazımsız hissələr isə orqanizmdən kənar edilir.

Həzm sistemi özündə yer üzünün ən yüksək səviyyəli seçmə (ayırma, çeşidləmə) sistemini ehtiva edir. Bu çeşidləmə sisteminin içindəki maddələr əvvəlcə xammala ayrılır, daha sonra isə bu xammal istifadə edilmək üçün orqanizmin lazımi yerlərinə göndərilir. Parçalanan maddələr bir-birindən çox fərqli olduğu kimi ortaya çıxan yeni maddələr də bir-birindən çox fərqlənirlər.
Həzm sisteminin fəaliyyətini bir neftayırma zavodunun fəaliyyətinə bənzətmək olar. Bir neftayırma zavodunda xammal kimi zavoda daxil olan neft müxtəlif proseslərdən keçərək mərhələli şəkildə parçalanır və bu vaxt bir-birindən fərqli məhsullar əldə edilir. Neftayırma zavodunda baş verən mürəkkəb proseslər nəticəsində avtomobilimizə enerji verən benzinlə yanaşı üzərində yeridiyimiz asfaltın xammalı və istifadə etdiyimiz plastik məhsullar da istehsal olunur. Eyni zamanda həzm prosesi nəticəsində də müxtəlif maddələr yaranır. Lakin həzm sistemində baş verən proseslər bir neftayırma zavodunda baş verən proseslərdən də mürəkkəbdir və çox üstün bir fəaliyyət sistemi sayəsində meydana gəlir. Bundan əlavə, bu proseslər son texnologiya ilə təchiz edilmiş neftayırma zavodunda deyil, sizin orqanizminizdə baş verir. Səhər yeməyində yediyiniz qidalar siz gündəlik işlərlə məşğul olarkən, məktəbdə dərsə qulaq asarkən və ya yolda yeriyərkən sizə hiss etdirilmədən bu nəhəng neftayırma zavodunun daxilində minlərlə müxtəlif kimyəvi prosesi yerinə yetirir.

Bu kimyəvi proseslərin baş verməsi üçün uzun bir kanala ehtiyac var. Kanalın hər bir nöqtəsində də kanalın içindəki maddələri dəyişdirəcək xüsusi çeşidləmə sistemlərinin olması lazım gəlir. Bu kanalın uzunluğu ən azı 8-10 m olmalıdır.
Lakin insan orqanizmi təxminən 1 m 70 sm-1 m 80 sm uzunluğundadır. Bu halda 10 metrlik bir kanal sistemi özünün təxminən beşdə biri qədər uzunluqda olan bir orqanizmin içinə sığışdırılmalıdır. Şübhəsiz ki, bu da xüsusi bir sənaye layihəsinin olmasını tələb edir. Belə ki, insan orqanizmi bu xüsusiyyətlərlə birlikdə yaradılıb. Haqqında bəhs edilən kanal (ağız, yemək borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq) insan orqanizminin içinə xüsusi bir plan əsasında yerləşdirilib. Bu planın içində 10 metrlik həzm sistemi 1 m 70 sm uzunluğunda olan orqanizmin içinə xüsusi diqqətlə yerləşdirilib.

Yeyilən hər bir qida maddəsi orqanizmimizə daxil olduqdan sonra həzm kanalı daxilində təxminən 10 metrlik bir səfərə çıxır. Bu səfər əsnasında qidalar bir qrup mexaniki və kimyəvi hadisə ilə rastlaşırlar. Qidalar beş hissədən ibarət olan 10 metr uzunluğundakı kanaldan sıra ilə keçərkən bir tərəfdən üyütmə, yoğurma və çalxalama kimi mexaniki hərəkətlərlə, digər tərəfdən də müxtəlif ifrazat vəzilərinin bu kanala buraxdıqları şirələrin kimyəvi təsirləri ilə həzm edilirlər.
Həzm ağızda başlayıb mədədə və nazik bağırsaqda davam edir. Qidalarda olan faydalı maddələrin qan damarları ilə sorulub qan dövranına qarışması isə nazik bağırsaqlarda baş verir. Yoğun bağırsaq isə həzm edilməyən faydasız maddələrdəki suyun sorulub yerdə qalan qalıqların orqanizmdən kənar edildiyi yerdir.