İnsan möcüzəsi

Bədənimizdəki möhtəşəm informasiya mübadiləsi: hormonal sistem

Yüz trilyon hüceyrəniz sanki bir-birindən xəbərdar imiş kimi harmoniya içində fəaliyyət gös-tərir. Siz bu yazını oxuduğunuz zaman ürəyinizin dəqiqədə neçə dəfə döyünməsi, sümüklərinizdə ehtiyatda saxlanılan kalsiumun nisbəti, qanınızdakı şəkərin miqdarı, böyrəklərinizin bir dəqiqədə süzdüyü qanın miqdarı və bunlara bənzər minlərlə detalda həmin uyğunluğa rast gəlinir.

Bütün bu sistemlər nəzərə alınanda insan orqanizmi 100 trilyon musiqiçidən təşkil olunmuş böyük bir orkestrə bənzədilə bilər. Bu orkestr 24 saat misilsiz musiqiləri səsləndirir. Musiqinin tempi bəzən sürətlənir, bəzən aşağı düşür. Bəzən yüksək templi, bəzən də sakit melodiya səsləndirilir. Lakin orkestrdə olan musiqiçilər aralarındakı qüsursuz harmoniyanı heç vaxt itirmirlər. Bəs bu misilsiz orkestri idarə edən kimdir? Milyonlarla musiqiçi eyni vaxtda eyni notları müxtəlif musiqi alətləri ilə necə çalırlar?

İnsan orqanizmindəki 100 trilyon hüceyrəni bir-birinə hormonlar bağlayır. Hormonlar hüceyrələr arasında xəbər daşımaq funksiyası daşıyan proteinlərdir. Orqanizmin böyüməsi, törəmənin tənzimlənməsi, orqanizmdəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox proses hormonların lazımi yerlərə çatdırdığı xəbərlər nəticəsində baş verir.
Heç bir insan orqanizmindəki ideal koordinasiyaya müdaxilə edə bilməz. Məsələn, yediyimiz qidaların həzm edilməsi zamanı ifraz olunmağa başlayan sekretin hormonunu götürək. Belə bir hormonun varlığından bəlkə heç xəbərinizin də olmadığı halda sizin üçün bu hormon ifraz olunmağa başlanır və bunun sayəsində bağırsaqlarınızın turşudan zədələnməsinin qarşısı alınır. Sizin bunun qarşısını almağınız və ya dəyişdirib başqa bir üsulla özünüzü qorumağınız mümkün deyil. Bu, orqanizmdə olan başqa orqanlara, enzimlərə, sistemlərə də aiddir.

İnsanın öz orqanizmində baş verənlərdən xəbəri olmadığı halda onun orqanizmində hər baxımdan ideal bir sistem yaradılıb. Orqanizminizdəki maddələr sizin üçün əmrlər verib orqanik tarazlığınızı təmin edərkən, sizi su içməyə və ya yemək yeməyə, sürətli hərəkət etməyə yönləndirərkən siz bunu hiss etmirsiniz. Sizin yaşamağınız orqanizminizdəki hormonlar vasitəsilə nəzarət edilən əmr-komandir sisteminə bağlıdır.

Bəs bu sistem necə yaranıb? Buna necə nəzarət edilir? Hormonlar harada, nə vaxt hərəkət edəcəklərini necə bilirlər?
Qarşıdakı səhifələrdə verilmiş nümunələrdə də göstəriləcəyi kimi, hormonal sistemin bir anda və vahid şəkildə ortaya çıxması zəruridir. Bunun əksini düşünmək qeyri-mümkündür. Yəni hormonlar malik olduqları xüsusiyyətləri müəyyən zaman ərzində qaza bilməzlər. İnsan orqanizmindəki bütün başqa sistemlər kimi hormonal sistem də yalnız bir anda ortaya çıxıb, yəni yaradılıb. Allahın varlığının və Onun gücünün qeyri-məhdud dəlillərindən biri olan bu sistemin təfərrüatları insanı bir daha Allahın yaratdıqları üzərində düşünməyə təşviq edir. Allah ayələrində yaratdığı varlıqlar üzərində düşünməyi və Ona yönəlməyi əmr edir. Allah Quranda belə buyurur:
"Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardıqlarınız, ağaclar da içər. Allah onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!
Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz!
Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar, və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; əlamətlər də. Yollarını ulduzlar vasitəsilə taparlar.

Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!" ("Nəhl" surəsi, 10-17).