İnsan möcüzəsi

Mədədəki müfəssəl nizam

Mədədə hər bir mərhələsi müəyyən məqsədə görə yaradılmış çox incə bir quruluş var. Qidalar mədənin üst tərəfində olan və "mədə girəcəyi" və ya "kardia" adlanan dar sahədən mədəyə daxil olur. Mədəni yemək borusuna bağlayan bu sahədəki büzücü əzələlər bir qapaq kimi fəaliyyət göstərərək mədədəki yarı həzm edilmiş qidaların geriyə - yemək borusuna qayıtmasının qarşısını alır. Daha sonra mədənin qübbə şəklində olan üst hissəsinə keçən qidalar mədə şirəsi və ya mədə mayesi ilə qarışaraq mədənin ən geniş hissəsinə tərəf irəliləyir. "Gövdə" adlanan bu geniş sahə kəskin şəkildə bükülərək mədənin üfüqi hissəsini təşkil edir.
Üstdəki şaquli hissədən qısa olan bu hissədə mədə yenidən daralır və "mədə qapısı" və ya "pilorik" adlanan bir keçidlə onikibarmaq bağırsağa açılır. Mədənin alt ucundakı bu əzələli keçid də qapaq funksiyası daşıyaraq yarı həzm edilmiş qidaların mədədən çıxıb nazik bağırsaqlara keçidinə nəzarət edir. Qidaların mədə ağzından mədə qapısına doğru irəliləməsini təmin edən amil üç təbəqə halında yerləşmiş qüvvətli mədə əzələlərinin ritmik dalğalanma hərəkətidir. Əzələ yığılmasını xatırladan bu dalğalanma hərəkəti eyni zamanda qidaların çalxalanaraq, sıxılıb əzilərək kiçik hissələr şəklində üyüdülməsini və nəticədə onun "kimus" adlanan yarı maye qarışığa çevrilməsini təmin edir. Bu müfəssəl proseslərin zəruriliyi həzm prosesinin qarşıdakı mərhələlərində ortaya çıxacaq.

Mədəyə düşmüş ülgücü həzm etmək gücündə olan turşular necə təsirsiz hala gəlir?
Yemək borusunda irəliləyən qidalar bir müddət sonra mədəyə çatır. Mədədəki həzm prosesi ağızdan fərqlənir. Burada çox qüvvətli turşular fəaliyyətə başlayır. Qidalar yemək borusundan mədəyə enər-enməz mədə səthindəki hüceyrələr qastrik assit turşusu adlı bir maye ifraz etməyə başlayır. Bu maye ilə eyni zamanda pepsin və hidroxlorid turşusu adlı kimyəvi üyüdücü mayelər də ifraz edilir. Bu turşular hətta bir ülgücü də həzm edə biləcək qüvvədədir. Həzm edilməsi çətin olan proteinə bənzər maddələr üçün bu turşuların olması zəruridir. Lakin burada çox incə bir məqam var. Mədə özü də quruluş baxımından proteindən təşkil olunub. Bəs hətta ülgücü də həzm edə bilən bir turşu hansı səbəbdən mədənin özünə zərər vermir?

Bu da insan orqanizmindəki misilsiz quruluş nümunələrindən biridir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri sayəsində mədə öz-özünü həzm etmir. Mədə divarlarındakı dərin çuxurlarda bir-birindən fərqli xüsusiyyətlərə malik olan hüceyrələr yerləşir. Mədədəki bəzi hüceyrələr turşu ifraz etdiyi halda bu hüceyrələrin yanındakı başqa hüceyrələr də həssas bir tarazlıq içində yapışqan maye ifraz edir. "Mukus" adlı bu maye mədənin səthini örtüb mədə divarlarını turşulardan bir qalxan kimi qoruyur və enzimlərin mədəyə zərər verməsinin qarşısını alır. Parçalayıcı enzimlər qədər infeksiya törədən virusun və digər mikroorqanizmlərin də hüceyrələrə daxil olmasının qarşısını alan mukus eyni zamanda qidaların kanal içindəki hərəkətini asanlaşdıran bir sürtkü maddəsi kimidir.
Bütün bu proseslər necə həyata keçir və mədədəki bu qoruyucu şərait necə əmələ gəlir? Mədədəki bu hüceyrələr öz-özünə bu maddələri hasil etmək qərarına necə gəlmiş və bir növ qoruyucu maddələrin formulunu tapmış ola bilərlər? Hüceyrələrin bütün bunları edə bilmək üçün nələrə ehtiyacının olması barədə düşünək.

İlk öncə bəzi hüceyrələr həzm prosesinə lazım olan maddənin hazırlanması üçün qidaların həzm edilməsinin lazım olduğunu dərk etməlidir. Həmin hüceyrələr həzm prosesi üçün turşu kimi maddəyə ehtiyacın olduğunu bilməlidir. Daha sonra hüceyrələr müvafiq turşunun formulunu tapıb onları bu formula uyğun hasil etməlidir. Qoruyucu maddənin hasil edilməsi üçün bəzi hüceyrələr bu turşunun mədənin özünə zərər verə biləcəyini müəyyən etməli, sonra bu hüceyrələrin turşu nümunələrini alıb laboratoriyada tədqiq etməli və turşunun təsirini dayandıracaq formulu inkişaf etdirməlidir. Bu zaman bu turşunun hətta bircə damlası da xalçada böyük bir dəlik açacaq qədər təsirlidir. Buna görə də unutmaq olmaz ki, hər hansı bir formulun səhvi mədənin turşular tərəfindən əridilməsi demək ola bilər.

Əlbəttə, mədədəki bir-birini nizamlayan maddələrin əmələ gəlməsi yuxarıdakı paraqraflarda xülasə edildiyi kimi də sadə deyil. Maddələrin formullarının hazırlanması da özlüyündə mühüm bir hadisədir. Digər tərəfdən, bir hüceyrənin kimyəvi formullar yaradıb, bu formulları toplayıb bir maddəni əmələ gətirməsi mümkün deyil. Şüursuz atomlardan əmələ gələn hüceyrənin belə bir ağıla və qa-biliyyətə malik olduğunu iddia etmək məntiqsizlik olardı.

Bununla yanaşı, ağıl və məntiqdən uzaqlaşmağı qəbul edərək bir insanın mədəsində turşunun müəyyən şəkildə ortaya çıxdığını qəbul etsək də onu tənzimləyəcək maddənin müəyyən dövr ərzində ortaya çıxmasını gözləmək olmaz. Çünki ülgücü əridə biləcək qədər güclü olan turşular mədəni çox qısa bir müddətdə sıradan çıxaracaq. Turşuların nəinki milyon illərlə, hətta 2-3 gün və daha qısa müddət ərzində də mədədə gözləməsi mümkün deyil.
Bütün bunları nəzərə alsaq, qarşımıza açıq bir həqiqət çıxacaq. Turşunun və mədəni turşudan qoruyan mukusun birlikdə mövcud olmaları Allahın üstün yaradılışındakı nizamın və qüsursuzluğun saysız nümunələrindən yalnız biridir. Allah insan orqanizmini vahid şəkildə və qüsursuz bir layihə ilə yaradıb.