İnsan möcüzəsi

Əzələlərdəki nəzarət sistemi

İnsan orqanizmindəki əzələlər nəzarət edilə bilən (iradi) və nəzarət edilə bilməyən (qeyri-iradi) əzələlər olmaqla iki yerə ayrılır.
Nəzarət edilə bilən əzələləri hərəkət etdirə bilmək üçün düşünməli və qərar qəbul etməlisiniz. Məsələn, qolunuzu bükmək istədiyiniz zaman beyninizdən gələn əmrə əsasən əzələlər bir qədər yığılır və hərəkət baş verir.

Qeyri-iradi əzələlərə nəzarət isə bizim istəyimizdən asılı deyil. Nəzarət edilə bilməyən əzələlərin funksiyası həyati əhəmiyyət daşıdığı üçün bu əzələlərin yığılıb-açılmasına xüsusi bir sistem (avtonom sinir sistemi) tərəfindən nəzarət edilir. Buna görə də ürəyiniz, mədəniz və bağırsaqlarınız öz funksiyalarını sizin iradənizdən asılı olmadan yerinə yetirirlər. Bu, insan həyatı üçün görülmüş olduqca əhəmiyyətli bir tədbirdir.

Haqqında bəhs edilən əzələlərin nəzarəti bu andan etibarən sizin ixtiyarınıza verilsəydi, nə olardı? Təsəvvür edək ki, orqanizminizdəki nəzarət edilə bilməyən əzələlərdən yalnız birinə, məsələn, ürək əzələsinə nəzarət sizin ixtiyarınıza verilib. Bu halda heç bir işlə məşğul olmadan bütün vaxtınızı ürək əzələnizin yığılıb-açılması prosesinə ayırmalı olardınız. Çünki ürək əzələsinin fəaliyyətində bircə anlığa da olsa axsama olmamalıdır. Bu vəziyyət hətta yatdığınız zaman da dəyişmir. Ürəyiniz siz yatdığınız zaman da fəaliyyətdədir, lakin bu vaxt onun sürəti azalır. Bu halda siz ürək əzələnizin iş sürətini də dəyişən vəziyyətlərə görə tənzimləməli olardınız. Görünən odur ki, yatdığınız zaman artıq ürəyinizin fəaliyyətini tənzimləyə bilməyəcəyiniz üçün ölümünüz qaçılmaz olardı.

Yalnız bircə nümunə də əzələlərdəki quruluşun nə qədər hikmətli və qüsursuz olmasının aydınlaşması üçün kifayətdir.
Orqanizmdə nəzarət edilə bilən və nəzarət edilə bilməyən əzələlərin varlığından bəhs etdik. Bununla yanaşı insan orqanizmindəki bəzi əzələlər də insanın bəzən nəzarəti altında, bəzən isə onun nəzarətindən kənar fəaliyyət göstərir. Məsələn, göz qapağınızı həm istədiyiniz, həm də istəmədiyiniz halda refleksiv olaraq açıb-bağlaya bilirsiniz. Bundan başqa, diafraqma əzələsi də bunu istəyəndə nəzarət edilə bilən bir əzələdir. Lakin o, gündəlik həyatda avtomatik olaraq fəaliyyət göstərir və nəfəs alıbverməyinizi təmin edir.

Bunlara bənzər bir çox əzələnin də özünəməxsus fəaliyyət formaları var. İnsan bunların bir çoxunun hansı şərtlər çərçivəsində fəaliyyət göstərməsindən, onların sürətindən və ya nə zaman işləyib nə zaman dayanacağından, hansı yolla enerji toplayacağından hətta xəbərdar da deyil. İnsan onun orqanizmində yaradılmış ideal nəzarət sistemi sayəsində bunlar haqqında düşünmək məcburiyyətini də hiss etmir. Ona verilmiş bu yüksək quruluşun müqabilində insandan tələb olunan iş yalnız sonsuz bir şəfqət və mərhəmət sahibi olan Rəbbinə şükr etmək və Uca Allahı razı salan əməllərlə məşğul olmaqdır:

"Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə etdiyi günahları unudan adamdan daha zalim kim ola bilər?! Onu anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik. Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər" ("Kəhf" surəsi, 57).


Səmərəliliyi yüksək olan mühərriklər
Bir qədər əvvəl əzələ liflərini mühərrik kimi xarakterizə etdik. Həqiqətən də əzələ lifləri 25 faizlik məhsuldarlıqla fəaliyyət göstərən mexanizmlərdir ki, bu da təxminən müasir avtomobil mühər-riklərinin səmərəliliyinə bərabər olan nisbətdir.
Bəs əzələ lifləri necə fəaliyyət göstərirlər? Bu suala cavab vermək üçün yenə də mühərriklə müqayisə aparaq.
Əgər bir mühərrik varsa, deməli, ilk öncə həmin mühərriki hərəkətə gətirən yanacağa ehtiyac var. Əzələlərin yanacağı isə qan dövranı ilə daşınan şəkərdir (qlükogen). Həmin yüksək oktanlı benzinin (qlükogenin) bir qismi ehtiyatda saxlanılır. Avtomobillərin mühərrikində hərəkəti təmin etmək üçün porşenlərin içinə yanacaq püskürdülür. Kənardan gələn bir qığılcım buxarlanan benzini alovlandırır, porşen hərəkət edir və partlayışlar seriyası nəticəsində hərəkətlər daimi xarakter alır. Əlbəttə ki, bütün bunlar mühərriklərə sənaye layihəsinin nəticəsində verilmiş xüsusiyyətlərdir.

Lakin bir əzələ hüceyrəsinin layihəsi və quruluşu bundan da üstündür. Bu kiçik mühərrik həm qığılcım (alovlandırma), həm də porşen funksiyasını yerinə yetirir. Hüceyrə şəkər molekulunun içindəki enerjini ortaya çıxarır və ortaya çıxardığı həmin enerjidən yenə də elə özünün bükülməsi üçün istifadə edir. Yəni həm kimyəvi bir molekuldan enerjinin ortaya çıxması, həm də bu enerjinin fiziki gücə çevrilməsi əzələ hüceyrəsində baş verir.

Əzələ hüceyrəsində hazırlanan enerji əzələni əmələ gətirən proteinlərə təsir edir. Proteinlər bir-birini çəkir və hüceyrə bükülərək qısalır. Minlərlə hüceyrənin bu hərəkəti birlikdə yerinə yetirməsi nəticəsində bütün əzələ toxuması yığılmış və qısalmış olur. Əzələ qırışları ilə (vətərlərlə) sümüklərə bağlı olan əzələlər həmin yığılma sayəsində sümüyü çəkirlər.

Haqqında bəhs edilən yığılma olduqca böyük qüvvə əmələ gətirir. Məsələn, açıq olan qolun dirsəkdən bükülməsi üçün qolun ön əzələlərinin 2 sm yığılması kifayət edir. Bu yığılma qolun ön sümüyünün çəkilməsinə və bütün qolun bükülməsinə səbəb olacaq.
Hərəkət etmək üçün istifadə etdiyimiz bütün əzələlərin hərəkəti bu ardıcıllıqla həyata keçir. Hətta ən sadə hərəkətlərdən biri olan gözümüzü açıb-bağlamaq üçün də çoxlu əzələmiz hərəkət etməlidir.