İnsan möcüzəsi

Hormonların qablaşdırılması

Bir avtomobil zavodunda hazırlanan nəqliyyat vasitəsinin rama, kapot, şüşələr, mühərrik, oturacaqlar kimi müxtəlif hissələri müxtəlif emalatxanalarda hazırlanır, daha sonra birləşdirilir. Bəzi hormonların hazırlanmasında da həmin planlaşdırma modelindən söhbət gedir.
DNT-dəki məlumatlar əsasında ribosomlarda hazırlanan müxtəlif hissələr endoplazmik retiklum hissəsində birləşdirilir. Daha sonra həmin hissə zavodda olduğu kimi başqa bir nahiyəyə, yəni qolgi cisimciyinə göndərilir və hormon burada istifadə edilə biləcək son hazırlıq vəziyyətinə gətirilir.

Hormon mükəmməl şəkildə hazırlanıb, lakin bu da kifayət etmir. Hormon özünün üçölçülü ideal quruluşunu qan vasitəsilə həyata keçirəcəyi uzun səfər boyunca qorumalıdır. Əks təqdirdə hormon yolda pozular və hədəf seçilmiş hüceyrələrə heç bir təsir göstərməz. Lakin bu təhlükəyə qarşı da lazımi tədbirlər görülüb. Qolgi cisimciyinə gətirilən hormon molekulu burada nazik təbəqədən əmələ gələn xüsusi bir paketlə bükülüb bağlama halına gətirilir. Hormon molekulu özünün uzun səfərinə artıq tam hazırdır.

Burada diqqət yetirilməli olan bir məqam var. İstehsalla məşğul olan yaradıcı hüceyrələr hormonlardan özləri istifadə etməyib onları kənara göndərirlər. Bu hormonlar hüceyrənin tanımadığı və heç bir zaman bilməyəcəyi uzaqlıqda olan hüceyrələr tərəfindən istifadə olunurlar. Məsafə o qədər uzaqdır ki, hüceyrənin ölçüsü nəzərə alınsa, onun hazırladığı maddənin qət etdiyi yol bizim hesabımızla minlərlə kilometr məsafə deməkdir. Hüceyrə böyük bir diqqət və zəhmətlə hazırladığı maddələrdən harada və necə istifadə edildiyini bilmir. Lakin bu naməlum məqsəd uğrunda, nə üçün nəzərdə tutulduğunu bilmədiyi mürəkkəb məhsulları bütün həyatı boyu hazırlamaqda davam edir.

Məsələn, beynin altında olan hipofiz vəzisindəki hüceyrələrin hazırladığı xüsusi bir hormon böyrəyin fəaliyyətini tənzimləyir. Hipofiz vəzisindəki bir hüceyrə böyrəyin nə olduğunu, harada olduğunu, hansı funksiyaları daşıdığını bilmir. Bəs o, heç bilmədiyi və həyatı boyu da bilməyəcəyi bir orqan olan böyrəyin quruluşuna tam uyğun gələn xüsusiyyətlərə malik bir maddəni necə hazırlayır? Nə üçün böyrəyin quruluşuna bu qədər hakim olur? Bu sualın yeganə cavabı odur ki, bütün bu qüsursuzluq hüceyrələrin öz iradəsi ilə baş verə bilməz. Hüceyrələr Uca və Qadir Allah tərəfindən bu işdən ötrü xüsusi olaraq yaradılıblar.