İnsan möcüzəsi

Şəkər yeyərkən orqanizminizdə işləyən nəhəng fabrikin fərqində olursunuzmu?

Əgər ehtiyacınız olduğuna görə bir az artıq şəkər yesəniz, qanın tərkibindəki şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün orqanizminizdə olan bir sistem fəaliyyətə başlayacaq:
1. Əsasən mədəaltı vəzi hüceyrələri qan mayesinin içində olan yüzlərlə molekul arasından şəkər molekullarını tapır və onları digərlərindən ayırır. Həmçinin bu molekul saylarının az və yaxud çox olmasını müəyyən edərək sanki şəkər molekullarını sayırlar. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz kiçiklikdə olan hüceyrələrin maye içindəki şəkər molekullarının vəziyyəti haqqında müəyyən bir fikrə malik olması insanı düşündürməli olan bir məsələdir.
2. Əgər mədəaltı vəzi hüceyrələri qanda lazım olandan artıq şəkər olduğunu müəyyən etsələr, onda onlar həmin bu artıq şəkərin ehtiyatda saxlanması qərarına gəlirlər. Lakin onlar bu ehtiyatda saxlamaq prosesini özləri həyata keçirmir, onu özlərindən çox uzaqda yerləşən hüceyrələrə icra etdirirlər.

3. Uzaqda olan bu hüceyrələrə hər hansı bir əmr gəlməyənə qədər onlar şəkəri ehtiyatda saxlamazlar. Lakin mədəaltı vəzi hüceyrələri həmin hüceyrələrə "şəkəri ehtiyatda saxlayın" əmrini aparacaq bir hormon hazırlayırlar. "İnsulin" adlandırılan bu hormonun formulu mədəaltı vəzi hüceyrələri ilk yarandıqları andan etibarən onların DNT-lərində qeyd olunur.
4. Mədəaltı vəzi hüceyrələrindəki xüsusi "enzimlər" (işçi proteinlər) bu formulu oxuyurlar. Oxunan formula uyğun olaraq da insulin hasil edirlər. Bu proses zamanı hər biri müxtəlif funksiyalar daşıyan yüzlərlə enzim fəaliyyət göstərir.
5. Yaradılan insulin hormonu ən etibarlı və ən sürətli əlaqə şəbəkəsi olan qan vasitəsilə lazımi hüceyrələrə çatdırılır.
6. İnsulin hormonunda yazılmış "şəkəri ehtiyatda saxlayın" əmrini oxuyan başqa hüceyrələr isə bu əmrə qeyd-şərtsiz tabe olurlar. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edən qapılar açılır.

7. Lakin bu qapılar təsadüfən açıla bilməz. Ehtiyat hüceyrələri qanın tərkibində olan yüzlərlə müxtəlif molekul arasından yalnız şəkər molekullarını ayırır, tutur və öz tərkiblərinə çəkirlər.
8. Hüceyrələr onlara gələn əmrlərə heç vaxt itaətsizlik göstərmirlər. Bu əmri yanlış anlamır, zərərli maddələri tutmur, lazım olandan artıq miqdarda şəkəri ehtiyatda saxlamırlar. Onlar böyük bir nizam və fədakarlıqla fəaliyyət göstərirlər.
Beləliklə, siz artıq şirin çay içdiyiniz zaman həmin fövqəladə sistem hərəkətə gəlir və artıq şəkəri orqanizminizdə ehtiyatda saxlayır. Əgər bu sistem fəaliyyət göstərməsəydi, o zaman qanınızda olan şəkərin miqdarı sürətlə yüksələr və koma vəziyyətinə düşərək ölərdiniz.
Bu o qədər ideal bir sistemdir ki, lazım olduğu zaman əksinə də fəaliyyət göstərə bilər. Əgər qanda olan şəkər normadan aşağı düşərsə, bu dəfə mədəaltı vəzi hüceyrələri tamamilə başqa bir hormon olan "qlükaqon"u hasil edirlər. Qlükaqon bir az əvvəl şəkəri ehtiyatda saxlayan hüceyrələrə bu dəfə "qana şəkər qatın" əmrini daşıyır. Bu əmrə də itaət edən hüceyrələr ehtiyatda saxladıqları şəkəri geri qaytarırlar.

Hər hansı bir beyinə, sinir sisteminə, gözə, qulağa malik olmayan hüceyrələr bu qədər böyük hesablamaları və prosesləri qüsursuz olaraq necə yerinə yetirirlər? Proteinlərin və yağ molekullarının yan-yana düzülməsi ilə əmələ gələn bu şüursuz varlıqlar hətta insanların da bacarmayacağı böyük işləri necə həyata keçirə bilirlər? Şüursuz molekulların nümayiş etdirdiyi bu böyük ağılın mənbəyi nədir?
Əlbəttə ki, bu hadisələr bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini bir daha göstərir. Allahın hakimiyyəti müqəddəs Quranda belə izah edilir:

"Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, yenilməz qüvvə və hikmət sahibidir!" ("Casiyə" surəsi, 37).