İnsan möcüzəsi

Sümüklərin quruluşu

Demək olar ki, bütün sümüklərdə, xüsusən də uzun sümüklərdə iki müxtəlif quruluş var. Sümüyün gövdəsi özündə qalın sümük toxumasını ehtiva etdiyi halda ucları incə bir sümük təbəqəsindən, torşəkilli sümük quruluşundan əmələ gəlir. Bu nizam sümüklərin öz funksiyalarını yerinə yetirə bilməsi baxımından əslində olduqca əhəmiyyətlidir. Çünki sümük yalnız belə bir quruluşa (dizayna) malik olduğu zaman təzyiq altında qalmadan hərəkət edə bilir və ona yüklənən ağırlıq və gərginlik sümükdən oynaqlara ötürülür. Əgər hər yer eyni quruluşda olsaydı, sümüklərdə elastiklik və möhkəmlik kimi xüsusiyyətlər olmazdı.

Sümük toxuması sümük hüceyrələrindən və bu hüceyrələrin ifraz etdiyi ətraflarındakı ara maddədən təşkil olunur. Sümük toxumasında üç növ hüceyrə olur. Sümüklərin yaradılmasında rol oynayan və onlara forma verən, sümük içindəki boşluqları əmələ gətirən və boşluqları bir-birinə bağlayaraq əlaqə yaradan həmin hüceyrələrdir.

Sümüklərə möhkəmlik verən quruluş
Sümüyün daxili quruluşu onun möhkəm olması baxımından mikroskopik xarüqədir. Orqanizmdə olduqca böyük bir sahəni əhatə edib çox mühüm funksiyaları yerinə yetirən skeletin bu qədər yüngül, lakin bir o qədər də möhkəm olmasının sirri sümüklərin quruluşundadır. Alimlərin bir "mühəndislik xarüqəsi" adlandırdığı sümüklərin daxili forması insanı heyrətləndirən bir layihəyə malikdir. Mühəndislər hətta XX əsrin ikinci yarısında yaradılması olduqca çətin, uzun olan və külli miqdarda məsrəf tələb edən göydələn, körpü kimi böyük və yüksək layihələr üçün sümük quruluşuna bənzəyən bir texnikanı inkişaf etdirdilər. Qəfəs sistemi adlandırılan bu üsula görə, layihənin əsas ünsürləri bir hissə deyil, bir-birinin içinə keçirilmiş qəfəsşəkilli çubuqlardan ibarətdir. Sümüklərin quruluşundakı bu üsuldan həyata keçirilməsi yalnız kompüterlər vasitəsilə mümkün olan mürəkkəb hesablamalar yolu ilə istifadə edildi və nəticədə böyük körpülər və sənaye tikililəri çox möhkəm və daha ucuz şəkildə inşa olundu.

Lakin burada diqqət yetirilməli olan mühüm bir məqam da var. Sümüyün içindəki sistem bu binaların inşasında istifadə edilən texnikadan daha mürəkkəbdir. Sümüklər bir-birinə zidd kimi görünən iki xüsusiyyətə eyni anda malikdir. Möhkəmlik və yüngüllük... Mühəndislərin inşa etdiyi binalar isə istifadə etdikləri materiala görə eyni anda bu iki xüsusiyyətə malik deyil. Sümüklərdəki torşəkilli və boşluqlu quruluş isə onun yüngül olmasına səbəb olur. Lakin bununla yanaşı sümüklər çox möhkəm və dözümlüdür.

Sümüyün quruluşundakı yüngüllük və möhkəmlik xüsusiyyətlərini bir daha vurğulamaq faydalı olardı. Çünki bu iki xüsusiyyətin bir yerdə olması insanların işini xeyli asanlaşdırdığı halda bunun əksi insan üçün öldürücü də ola bilər. Əgər sümüklər bu xüsusiyyətlərdən yalnız birinə sahib olsaydılar, məsələn, sağlam olub eyni zamanda ağır olsaydılar, bütün skeletin ağırlığı insanın gücü çatandan da artıq olardı. Bu ağırlığa görə insanın hərəkət etmək imkanı azalar, gündəlik həyatı çox çətin keçərdi. Bundan əlavə, bu sərtlik və kövrəkliyin nəticəsində ən kiçik zərbə də sümüklərdə sınma və çatlama yarada bilərdi.

Bunun əksinə olsaydı, yəni sümüklər yüngül olub sərt olmasaydı, bu halda orqanizm hal-hazırda olduğu kimi olmaz, həlməşik halında dəri kütləsinə bənzəyərdi. Belə olan halda beyin, ürək kimi həyati əhəmiyyətə malik olan bir çox orqanlar hər an təhlükəyə məruz qala bilərdi.
Həmçinin insan orqanizmindəki sümüklər yerləşdikləri yerə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Bütün sümüklər elastik və möhkəmdir, lakin bunların nisbəti bir-birindən fərqlənir. Məsələn, döş qəfəsində ürək və ağciyər kimi həyati əhəmiyyətli orqanları qoruyacaq qədər sağlam olan sü-müklər eyni zamanda ağciyərlərə fasiləsiz olaraq havanın dolmasını və boşalmasını təmin edəcək şə-kildə genişlənmə və büzülmə xüsusiyyətinə də malikdir. Əgər ağciyəri qoruyan döş sümükləri kəllə sümüyü kimi sərt sümüklərdən olsaydı, nəfəs almaq çətinləşər, hər dəfə nəfəs aldığımız zaman ağciyər bu sərt sümüklər arasında sıxılıb qalardı. Bura qədər qeyd edilmiş xüsusiyyətlərindən də göründüyü kimi, sümüklərin yalnız bircə xüsusiyyətinin müfəssəl şəkildə incələnməsi insanın qarşısına bir çox yaradılış möcüzələrini çıxarır. Lakin sümüklərdəki xüsusi quruluş nümunələri bununla bitmir.