İnsan möcüzəsi

Orqanizmimizdəki su nisbətinin qorunması

Bir insanın idmanla məşğul olarkən sərf etdiyi su miqdarı ilə dincələrkən sərf etdiyi su miqdarı arasında böyük fərq var. Belə hallarda böyrəklərin süzdüyü su miqdarı müxtəlifdir. Lakin bu miqdarı tənzimləyən böyrəklər də deyil. Hipofiz vəzi orqanizmin ehtiyacına görə antidiuretik (ADH) hormon adlı kimyəvi maddə göndərərək böyrəkləri xəbərdar edir. Böyrək hüceyrələri bu əmri aldıqları zaman qansüzmə prosesini yavaşıdır, hətta süzülən artıq mayenin tərkibindən su molekullarını geri qaytarmağa başlayırlar.
Hipofiz vəzi qanın tərkibində olan suyun miqdarını tənzimləmək üçün başqa bir yoldan da istifadə edir. Hipofiz vəzidən ifraz olunan antidiuretik (ADH) hormon tüpürcək vəzilərinin tüpürcək ifrazetmə funksiyasını yavaşıdır. Bundan sonra insan susuzluq hiss edir və bir stəkan su içir.

Hipofiz vəzisinin su içməyimizi təmin etmək üçün malik olmalı olduğu bilgilər barədə düşünək.
İlk öncə bu kiçik ət parçası suyun əhəmiyyətini bilməlidir.
Bundan əlavə, hipofiz vəzisi insanın ağzı quruduğu zaman psixoloji baxımdan su içməyə ehtiyac duyacağını bilməlidir.
Hipofiz vəzisi üçüncü əsas məsələ kimi bunu bilməlidir ki, insanın ağzının quruması üçün tüpürcək vəziləri fəaliyyət göstərməməlidir.
Hipofiz vəzi tüpürcək vəzilərinin fəaliyyət göstərməməsi üçün onların işinin necə dayandırılacağını da bilməlidir. Yer üzündəki milyardlarla insanın beyinlərində olan milyardlarla hipofiz vəzi hər gün, hər saniyə bu insanların nə qədər suya ehtiyaclarının olduğunu müəyyənləşdirir və həmin in-sanları su içməyə məcbur edir.

Yalnız bu sistem insanın acizliyinə və onun yaradılmış olmasına mühüm bir dəlildir.
İnsan ona görə aciz sayılır ki, o, öz ağlı ilə orqanizmində suyun azaldığını dərk etmir. Onun susuzluq hissinə ehtiyacı var. Susuzluq hissini insan üçün xüsusi olaraq yaradan varlıq isə kiçik bir ət parçasıdır. Əgər bu ət parçası olmasa, insan susamayacaq, orqanizminin suya ehtiyacının olduğunu bilməyəcək və insanların əksəriyyəti susuzluqdan bayılana qədər ağıllarına su içmək gəlməyəcək.
İnsan yaradılıb, çünki heç bir təsadüf insanın beyninə həmin insana lazımi psixoloji təzyiqi tətbiq edən və insanı su içməyə məcbur edən kiçik, lakin olduqca şüurlu ət parçasını yerləşdirə bilməz. İnsanı suya möhtac yaradan və onun müntəzəm şəkildə su içməsini təmin etmək üçün lazım olan hər bir mühüm tədbiri görən qüvvə isə Uca Allahdır.

Əgər əsla susamasaydınız?..
Orqanizmimizdəki suyun miqdarında gün ərzində baş verən ən kiçik dəyişiklikləri də müəyyən edən sistemlər var. Bunların birincisi beynimizin noxud boyda olan hipotalamus adlı bir hissəsidir. Hipotalamus qanın tərkibindəki suyun nisbəti azalanda bunu dərhal müəyyən edir. Hipotalamusun düz altında yerləşən 1 sm uzunluğundakı hipofiz vəzisi buna uyğun olaraq da bir tədbir kimi "ADH" adlı bir hormon ifraz edir.
Bu hormon qan dövranı yolu ilə uzun bir səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəlməsi kimi bu hormona tam uyğun olan xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatanda böyrəklərdəki su məsrəfi dərhal nizamlanır və su itkisi aşağı səviyyəyə endirilir.

Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi "su məsrəfini azaldın" əmrini qəbul edib müvafiq tədbir görən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gün ərzində 15-20 litr su içməyə məcbur olardıq. Həmin suyu da orqanizmdən kənarlaşdırmağımız lazım olduğu üçün yatmağımız və ya uzun müddət bir yerdə oturmağımız mümkün olmazdı.

Lakin belə bir sistemin qüsursuz olması da yaşamağımız üçün kifayət deyil. Biz su içməli olduğumuzu və məhz nə qədər su içməli olduğumuzu bilməliyik. Buna görə də Allah insanı susuzluq hissi ilə birlikdə yaradıb. Təsəvvür edək ki, orqanizmimizdə hər şey qüsursuzdur, lakin susamırıq. O zaman doğulduqdan qısa bir müddət sonra susuz qalıb ölərdik. Susuzluq hissimiz olmadığı üçün nə üçün böhrana düşüb öldüyümüzü də bilməzdik. Halbuki bir insan dünyaya gəldiyi andan etibarən su içməli olduğunu, üstəlik nə qədər su içməli olduğunu bilir, çünki məhz lazım olan nisbətdə, lazəm olan qədər susayırıq. Bu sistem o qədər mükəmməl şəkildə fəaliyyət göstərir ki, ehtiyacımızdan nə artıq, nə də əskik maye qəbul etmirik, tam ehtiyac duyduğumuz qədər su içirik.

Beləliklə, bizi "bir damla sudan" yaradan Allah orqanizmimizin bütün ehtiyaclarının ödənilməsi üçün mükəmməl sistemlər yaradıb. Çünki O, qüsursuz yaradandır:

"O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!" ("Həşr" surəsi, 24).