İnsan möcüzəsi

Damarlardakı təzyiq və böyrəklər

Böyrəklərin çox mühüm bir funksiyası da qan təzyiqini tənzimləməkdir. Qan təzyiqini tənzimləyən mühüm amillərdən biri damarların içindəki mayenin miqdarıdır. Damarların içindəki maye nə qədər çox olsa, təzyiq də bir o qədər yüksəlir və orqanizmdəki bütün orqanlara zərər verir.
Orqanizmin damarlardakı artıq mayeni müəyyən etməsi ürəyin ön kameralarına yerləşdirilmiş qəbuledicilər sayəsində mümkün olur. Daxil olan çoxlu miqdarda maye səbəbilə ürəyin dartılması nəticəsində ürəkdəki qəbuledicilər bu vəziyyətlə bağlı beyinə siqnallar göndərir. Beyin də bunun cavabında böyrəyə gedən damarların genişliyini tənzimləyərək qanın süzülməsini artırır.

Ürəyin ön kamerasında həyata keçən təzyiq ölçməni və bu ölçmələrə nəzərən orqanizmdə gedən tənzimləmələri xəyali bir nümunə ilə nəzərdən keçirək.
Xəyalımızda bir otaq təsəvvür edək. Bu, hər tərəfdən tamamilə təcrid edilmiş bir otaqdır. Həmin otaqda bütün ömrünü bu otaqda keçirmək məcburiyyətində olan bir insan yaşayır. Bu insanın eyni zamanda çox mühüm bir vəzifəsi də var.
Otağın divarlarındakı hava təzyiqi hər an dəyişir. Otaqda yaşayan bu insanın vəzifəsi isə hər saniyə bu təzyiqi xüsusi alətlər vasitəsilə ölçməkdir. Bundan əlavə, o, apardığı bu ölçmələri telefonla elmi proseslər mərkəzinə xəbər vermək məcburiyyətindədir. Hər gün min dəfələrlə raport verməli, həmin raportlarda da heç bir səhv olmamalıdır. Əgər bu ölçməni unutsa, yatıb yuxuya qalsa və ya səhv ölçsə, içində olduğu otaq, həmin otağın yerləşdiyi bina və bütün şəhər yox olacaq.

Əlbəttə ki, bütün həyatını bir otağın divarlarında olan təzyiqi ölçməyə sərf edən, bir saniyə də yatmadan öz vəzifəsini yerinə yetirən, həmçinin heç bir səhv etməyən bir insan ola bilməz. İnsan belə bir hadisəni xəyalında da canlandıra bilməz. Lakin insan orqanizmində baş verən həqiqətlər insanın xəyal gücünün hüdudlarını aşır. Çünki ürəyin ön kamerasının divarlarındakı hüceyrələr bütün həyat-larını kameranın divarlarında olan təzyiqi ölçməyə və bu ölçmənin nəticələrini beyinə göndərməyə sərf edirlər. Hüceyrələrin belə bir mühüm funksiyaya malik olması, öz funksiyalarını böyük bir fədakarlıqla ömürləri boyu yerinə yetirməsi, bu hüceyrələrin ürəyin daxili kamerasına yerləşdirilməsi, onların ölçmə qabiliyyətinə malik olması və ölçdüklərini beyinə bildirməsi həmin hüceyrələrin xüsusi olaraq yaradıldığını göstərir