İnsan möcüzəsi

Sehirli maddə olan trombin

Trombin qanı laxtalandıran bir proteindir. Lakin trombin qanın tərkibində gəzsə də keçdiyi yerlərdə olan qanı laxtalandıraraq onun normal axmasına mane olmur. Trombin qanı yalnız damarlardan birində qanaxma olanda laxtalandırır. Bəs trombin lazım olduğu zaman laxtalandırma xüsusiyyətini necə əldə edib?
Trombin əsasən qanın tərkibində aktiv olmayan protrombin halında mövcuddur. Protrombin aktiv olmadığına görə də fibrinogeni hərəkətə gətirərək laxtalanma üçün zəruri olan fibrin maddəsinin əmələ gəlməsini təmin etmir. Beləliklə, canlı nəzarət edilməyən laxtalanmanın təhlükəli təsirlərindən qorunmuş olur.
İndi bunu düşünək. Əgər qanın laxtalanma sistemində yalnız fibrinogen və protrombin funksiya daşısaydı, bu hal ölümlə nəticələnə bilərdi. Belə bir vəziyyətdə insan yaralandığı zaman qanın tərkibində məqsədsiz şəkildə dolaşan protrombin fibrinogenin yanından ötüb keçər və həmin insan da qan itkisindən ölə bilərdi. Bu vəziyyətə görə, yəni protrombin fibrinogeni fibrinə çevirmək xüsusiyyətinə malik olmadığı üçün orqanizmdə protrombini fəallaşdırıb hərəkətə gətirən bir mexanizmə ehtiyac var. Bu sistem insan orqanizmində mövcuddur.
Laxtalanma sistemində "Stüart amili" deyilən başqa bir protein də protrombinə təsir edir və onu aktiv trombinə çevirir. Trombin fibrinogeni yalnız bu şəkildə fibrinə çevirir və qanın laxtalanmasını meydana gətirir.

Lakin burada başqa mühüm məqam da var: əgər Stüart amili və protrombinlə fibrinogen qanın laxtalanmasında rol oynayan yeganə proteinlər olsaydı, Stüart amili öz təsirini dərhal göstərəcək və orqanizmin qanını qurtaracaqdı. Məhz bu səbəblərə görə Stüart amili də qanın tərkibində aktiv şəkildə deyil və onun fəaliyyətə başlamaq üçün aktivləşdirilməsi lazımdır.

Laxtalanmanın bu yerində vəziyyət daha diqqətçəkici bir şəkil alır. Aktiv vəziyyətdə olan Stüart amili də protrombini hərəkətə gətirmək üçün kifayət deyil. Stüart amili ilə protrombini bir kolbaya qoyub qarışdıra bilərsiniz, lakin bu zaman trombin əmələ gələnə qədər insan qanaxmadan öləcək. Stüart amilinin fəaliyyətə başlaya bilməsi üçün də akselerin adlı başqa bir protein lazımdır. Bütün bunların bir yerə toplaşması ilə aktiv Stüart amili protrombinə dərhal təsir edib onu trombinə çevirir və qanaxmanın qarşısı alınır.

Bura qədər təsvir edilən mərhələləri belə xülasə etmək mümkündür ki, bir proenzimi aktivləşdirmək üçün iki ayrı proteinə ehtiyac duyulur.
Lakin laxtalanmadakı bir-birinə bağlı olan proseslər bununla da məhdudlaşmır. Əslində akselerin də başlanğıcda aktiv olmayan proakselerin vəziyyətindədir. Bəs bu proteini nə aktivləşdirir? Trombin! Lakin trombin xatırlayacağınız kimi, bu zəncirvari hadisədə proakselerinin olduğu yerdən də aşağıdadır. Bu halda akselerin hazırlanmasında rol oynayan trombin nəvənin nənədən əvvəl mövcud olmasına bənzəyir. Lakin Stüart amilinin protrombini çox aşağı sürətlə parçalamasına görə qanda həmişə müəyyən bir miqdarda trombin olur. (Michael Behe, "Darwin's Black Box", New York: Free Press, 1996, s.85-90).

Bura qədər qeyd olunanlar laxtalanma ilə bağlı olduqca səthi məlumatlar idi. Lakin bu məhdud məlumatlara baxmayaraq laxtalanma kimi həyatımız boyunca tez-tez rastlaşdığımız bir hadisənin nə qədər kompleks və heyrətamiz bir plan olduğunu dərk etmək mümkündür. Onlarla zərrəciyin bir-birinə bağlı şəkildə funksiya daşıdığı və hər birinin də qüsursuz fəaliyyət göstərdiyi bu sistemin təsadüflər nəticəsində meydana gəlməsi iddiasını irəli sürmək isə bir insanın həyatı boyu qarşılaşa biləcəyi ən məntiqsiz, ən şüursuz bir hərəkətdir.

Bundan əlavə, təkamülçülər canlıların mərhələ-mərhələ təkamülə məruz qalıb kamilləşdiyini iddia edirlər. Halbuki laxtalanma hadisəsindən də göründüyü kimi, bütün protein və enzimlər laxtalanmanın baş verməsi üçün bir-birinə bağlıdır və onlardan biri olmadan digəri heç bir işə yaramır, hət-ta həmin canlının ölümünə də səbəb olur. Buna görə də canlının digər zərrəciklərin tamamlanmasını gözləmək kimi bir şansı və vaxtı olmayacaq, beləliklə də canlı məhv olacaqdır. İnsan hansısa təkamül mərhələlərini keçərək təkmilləşməyib. İnsan bu gün hansı görünüşə malikdirsə, onun hansı fiziki və kimyəvi xüsusiyyətləri varsa, o, bundan milyon illər əvvəl ilk dəfə yarananda da həmin xüsusiyyətlərə malik olub. Bu da insanın Allah tərəfindən bir an içində yaradılması həqiqətinin aşkar dəlillərindəndir:

"De ki: "Mənə bir deyin, göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalimlər bir-birinə ancaq yalan vəd verirlər" ("Fatir" surəsi, 40).