İnsan möcüzəsi

Böyrəkləriniz tibbi biliklərə malik ola bilərmi?

Böyrəklərinizə vurulan qanın tərkibindəki eritrositin miqdarı böyrəklər tərəfindən daim ölçülür. Həssas qəbuledicilərlə müəyyən edilən məlumatlar dərhal qiymətləndirilir və lazımi tədbirlər görülür.
Böyrəkdən süzülən qanın miqdarında bir azalma qeydə alınanda böyrəklərdəki xüsusi hüceyrələrdən "eritropoetin" adlı bir hormon ifraz olunur. Bu hormon qan istehsalını artırmağa yarayır. Hormon öz təsirini böyrəkdən kənar bir yerdə sümük iliyinə göstərəcək. Sümük iliyində olan əsas qanyaradıcı hüceyrələr bu hormonun eritrosit sayının azaldığını bildirməsi ilə eritrosit hazırlanmasını sürətləndirərək qan dövranına daha çox eritrosit verir. Bunun nəticəsində eritrositin tarazlığı tənzimlənmiş olur. Göründüyü kimi, böyrək hüceyrələri müəyyənləşdirir, məlumatları qiymətləndirir və lazım olanı tətbiq etmək kimi təşəbbüsü yerinə yetirir. Sümük iliyindəki hüceyrələr də böyrəklərdən gələn bir hormonla göndərilmiş mesajı necə çözəcəklərini bilir və bu xəbər əsasında hərəkət edirlər. Üstəlik bütün bu proseslər milyardlarla insanın hər birində eyni şəkildə həyata keçir və bu uyğunluq bütün insanlarda eynidir.

Bütün bu proseslərdə hüceyrələr açıq şəkildə ağıl nümayiş etdirirlər. Belə olan halda həmin ağlın mənbəyinin nə olması sualına cavab verilməlidir. Hüceyrələrin belə ağıla öz-özünə və ya təsadüfən nail olmalarını iddia etmək mümkün deyil. Hüceyrələrə bu ağlı yerləşdirən, onlara necə davra-nacaqlarını ilham edən qüvvə hər şeyi öz nəzarətində saxlayan Uca Allahdır. Allahdan başqa heç bir qüvvə yoxdur.

Süni böyrək
Lazımi səviyyədə fəaliyyət göstərməyən orqanlarımızı əvəz edə biləcək süni orqanlar və cihazlar müasir texnologiyanın verdiyi imkanlarla təbabətin istifadəsinə verilib. Böyrəklər öz funksiyalarını itirəndə və ya hər hansı bir mənfi hal yarananda da bunun əvəzinə orqanizmin təmizləmə sistemi kimi fəaliyyət göstərməli olan dializ mexanizmləri inkişaf etdirilib. Ölçüləri böyrəklərlə müqayisə edilməyəcək qədər böyük olan bu mexanizmlərdə qan müəyyən qurğulardan keçirilir və qan özünün tərkibindəki sidik cövhəri, sidik turşusu kimi zərərli maddələrdən və artıq mayelərdən təmizlənir.

Bu cihaz sadə diffuziya (bir maddənin qarışıq bir nisbətdən nisbətən az qarışıq nisbətə keçməsi) üsulu ilə işləyir. Arteriyadan çıxan boru ilk öncə bir nasosa gəlir. Bu nasos qanı dializ mexanizminə vurur. Dializ mayesi oksigenlə zəngindir və duz konsentratı baxımından da plazmaya bərabərdir. Qan dializ mayesi içində olan dializ borucuqlarından keçirilir. Qanın tərkibindəki sidik cövhəri kimi artıq maddələr diffuziya ilə dializ mayesinə keçdiyi halda eritrosit və protein kimi lazımlı maddələr dializ borucuqlarında qalır. Bu proses zamanı dializ mayesi mexanizmin içində xəfif şəkildə çalxalanır. Bunun nəticəsində qandakı artıq maddələr təmizlənir və qan geri qaytarılacaq vəziyyətə gətirilir. Əgər qanın qidalandırılmasına ehtiyac olarsa, dializ mayesinə qlükoza əlavə edilir və yenə də diffuziya üsulu ilə qana keçirilir. Təmizlənmiş qan bir boru ilə venaya verilir. Bütün bu proseslər zamanı dializ mayesi fasiləsiz olaraq təzələnir və hər dəfə də bədən temperaturuna uyğun şəkildə saxlanılır. Əks halda xəstə çoxlu miqdarda istilik itirmiş olar.

Tam bir dializ prosesi 4-6 saat çəkir və dializ mayesi bir neçə dəfə dəyişdirilir. Bu proses bir çox xəstəyə həftədə iki və ya üç dəfə tətbiq edilir. Lakin dializ heç bir şəkildə böyrəyin yerini vermir. Ən güclü şəkildə işləyən təsirli dializ mexanizmlərində də xəstənin həyatı yalnız bir neçə il uzadıla bilir və əksər xəstələr bir müddət sonra vəfat edirlər.
İnsan orqanizmindəki hər şey ən mükəmməl, ən ideal şəkildə planlaşdırılıb. Texnologiyadan istifadə edilməklə aparılan bütün tədqiqatlarda əsas məqsəd insan orqanizmindəki layihənin bənzəri-ni hazırlamaqdır. Lakin orqanizmimizdə olduğu kimi kiçik nahiyələrə həmin xüsusiyyətlərə malik olan texnologiyanın yerləşdirilməsi mümkün deyil.

Allahın insan orqanizmində yaratdığı sistem hər cəhətdən misilsiz və mükəmməldir. Hər bir insanın vəzifəsi bunları Allahın bir neməti kimi görüb yaşadığı hər an üçün Allaha şükr etməkdir:

"Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan Allahdır, Allah insanlara lütfkardır, lakin insanların çoxu şükr etməz! Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxdur! Siz necə döndərilirsiniz? Yalnız Allahın ayələrini inkar edənlər belə döndərilərlər!" ("Mumin" surəsi, 61-63).