İnsan möcüzəsi

Tiroid vəziləri

Hormonal sistemin paylaşdırıcı stansiyalarından biri də tiroid və paratiroid vəziləridir. Tiroid vəzisi sağlam bir həyat keçirməyiniz üçün orqanizmin metabolizmasını tənzimləyir. Bunu ifraz etdiyi xüsusi bir hormon (tiroksin) sayəsində edir. Tiroksin hormonu orqanizmdə olan bütün hüceyrələrə təsir göstərən bir hormondur. O, hüceyrələrin istifadə edəcəyi oksigenin miqdarını müəyyən edir. Məsələn, bir hüceyrədə mitokondrinin olduğu yerə tiroksin hormonu veriləndə oksigen tələbatı və enerji hazırlanması artır. Qanın tərkibindəki tiroksin çatışmazlığı zamanı isə metabolizmanın aşağı düşməsi ilə yanaşı toxuma mayesində suyun və natriumun miqdarı artır. Qanda xolesterolun miqdarı yüksəlir.

Tiroid vəzisində tiroksin hormonunun hazırlanması və ifraz olunması da yenə bir-birinin içində olan sistem sayəsində həyata keçir. Tiroksin hormonunun ifraz olunması hipofiz vəzinin ön hissəsindən ifraz olunan "tirotropin" adlı başqa bir hormon tərəfindən tənzimlənir.
Tiroid vəzisindən ifraz olunan başqa bir hormon isə kalsitonindir. Kalsitonin hormonu paratiroid vəzisindən ifraz olunan parahormon (PTH) ilə birlikdə orqanizmdəki kalsium-fosfat miqdarının tənzimlənməsində mühüm rol oynayır. Kalsium miqdarının səviyyəsi isə insanın həyatı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu maddədən sümüklərin yaranması, əzələ və sinir sisteminin fəaliyyəti, qanın laxtalanması, hüceyrə divarından aktiv daşımaların yerinə yetirilməsi kimi olduqca həyati əhəmiyyətli işlərdə istifadə edilir. Bu səbəbdən qanın tərkibində müəyyən qədər kalsiumun ol-ması zəruridir. Elə buna görə də sümüklər kalsiumu ehtiyatda saxlayan bank funksiyasını yerinə yetirirlər. Hər iki müxtəlif hormon da bu banka kalsium qoyulmasını və ya onun geri götürülməsini təmin edir.

Tiroid vəzisinin üzərində olan paratiroid vəzisinin hasil etdiyi parahormon qandakı sümüklərdə ehtiyatda saxlanılan kalsiumun qana geri qaytarılmasında mühüm rol oynayır. Bu hormonun ifraz olunması hipofiz vəzi və sinir sisteminin birbaşa təsiri olmadan, qandakı kalsiumun miqdarına görə avtomatik olaraq tənzimlənir. Bu hormon qanda kalsiumun miqdarı aşağı düşdüyü zaman bunu dərhal müəyyən edir və birbaşa sümük hüceyrələrinə təsir göstərərək sümükdən qana kalsium keçməsini sürətləndirir. Qanın tərkibindəki kalsiumun miqdarı müəyyən bir səviyyəni keçəndə isə tiroid vəzisindən kalsitonin hormonu ifraz olunur. Kalsitonin qandakı artıq kalsiumun sümüklərin quruluşuna keçərək orada ehtiyatda saxlanmasını təmin edir.

İnsan orqanizmi üçün olduqca mühüm funksiyalar daşıyan bu hormon çatışmadıqda və ya artıq olduqda hansı problemlər ortaya çıxa bilər?
Parahormon az olduğu zaman qanın tərkibindəki kalsiumun miqdarı azalır, bununla bağlı olaraq əzələlərdə, xüsusilə də əl və üz əzələlərində tetanik qıcolma halları müşahidə edilir. Əgər bu hal nəfəs borusundakı əzələlərdə olarsa, bu, nəfəs almağa mane olar və ölümə səbəb ola bilər. Həmin hormon artıq olanda isə sümüklərdəki kalsium ehtiyatları boşaldılaraq qana verilir. Bu vəziyyət sümüklərin asanlıqla bükülməsinə və sınmasına səbəb olur. Böyrəklər qanda olan artıq kalsiumu kənar-laşdırmağa çalışır, lakin bu kalsium kristalları böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Bu nümunələrdən də məlum olduğu kimi, insanın həyatını sağlam və rahat şəkildə davam etdirməsi yalnız hormon sisteminin tam şəkildə fəaliyyət göstərməsi nəticəsində mümkündür. Belə ki, yalnız tiroid vəzisinin fəaliyyətindəki çatışmazlıq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bəs belə bir qüsursuz sistemi quran və onu işlədən kimdir? Bura qədər qanın tərkibindəki çatışmayan maddələri müəyyən edən, bu çatışmazlığın miqdarını müəyyən edərək lazımi maddələri hazırlayan, bu maddələrin tərkiblərinin nə olacağını çox yaxşı bilən və lazımi miqdarda olan maddəni lazımi müddət ərzində hazırlayan, orqanizmin başqa orqanları üzərində də təsiri olan bir "iradə"dən bəhs etdik. Üzərində düşünüləsi məqam budur: görəsən belə üstün bir iradə nümayiş etdirən tiroid vəzisinin özüdürmü? Əlbəttə ki, bu hal qeyri-mümkündür. Tiroid vəzi adlandırdığımız nəsnə sadəcə olaraq bir hüceyrələr topluluğudur, bu topluluqda bir şüur sahibi axtarmaq mümkün deyil. Bu iradənin hormonların özünə aid olduğunu da deyə bilmərik. Hormon dediyimiz şey də molekullardan ibarət olan maddədir. Belə olan halda iradəni harada axtaracağıq?

Beləliklə, məhz bu məqamda son nəticə olaraq yalnız yaradılış həqiqəti ilə qarşılaşırıq. Orqanizmdə olan bütün vəzlər, hormonal sistemi təşkil edən bütün ünsürlər, bunların hazırladığı hormonlar, həmin hormonların içində olan molekullar və onları təşkil edən bütün atomlar yalnız Uca Allahın misilsiz yaradılışının nəticəsidir.